“Laçında üç dövlət başçısının görüşü növbəti birlik nümayişidir. Bu birliyin nələrə nail olması təcrübədə artıq iki dəfə özünü sübut edib. Dolayısı ilə “verilən mesajlar, lazım olan güc mərkəzlərində qəbul olunmuşdur” ifadəsi də bunun mahiyyətini, anlamını açır. Birinci dəfə bu üç dövlət, üç dost, üç qardaş birləşəndə ortaya bir zəfər qələbəsi çıxdı - Qarabağ azad olundu, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdi”.
Bunu hafta.az-a Laçında baş tutan Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü barədə açıqlamasında politoloq Natiq Miri bildirib.
Politoloqun fikrincə bu üç qardaş dövlətin növbəti sınağı, imtahanı qısamüddətli də olsa iki nüvə dövlətinin qarşı-qarşıya gəldiyi hadisədə oldu:
“Həm Hindistan Pakistana hərbi təcavüz etdi ki, bunun cavabında çox sarsıdıcı zərbələr aldı. Bir nüvə ölkəsinin, bir milyard yarım əhalisi olan Hindistan dövlətinin qısa müddətdə aldığı zərbədən sonra müharibəni dayandırması sadəcə sıradan bir hadisə deyil. Hindistan anladı ki, sadəcə sözdə onu müdafiə edəcək bəzi dövlətlər mövcuddursa, Pakistanı müdafiə edəcəkləri ilə bağlı bəyanat verən Türkiyə və Azərbaycan sözün əsl mənasında hər cəhətdən qardaş, dost Pakistanın yanında olacaq. Birgə fəaliyyət qısa müddətdə Hindistana elə bir itki və zərbə vurdu ki, bu nüvə ölkəsi qısa müddətdə atəşkəsə razı oldu. Bunu ABŞ və bir neçə ölkənin siyasi müdaxiləsi ilə əlaqələndirənlər var. Ancaq əmin olun ki, Hindistan o sarsıdıcı zərbəni almasa və hərbi təcavüz kontekstində ciddi hərbi uğurlar əldə etmiş olsaydı, bu müharibə hələ də davam edərdi. Yəni bu birliyin növbəti qələbəsi ikinci dəfə özünü bariz şəkildə ortaya qoydu. Azərbaycan Prezidentinin dolayı yolla verdiyi mesaj bu idi ki, güc birlikdədir, birlikdən güc doğar, gücdən hürriyyət doğar. Əslində bu, hər kəsə, o cümlədən bütün türk dünyasına dərs olmalıdır ki, güc birlikdən doğar”.
N.Miri qeyd edib ki, yenidən dünyanın şəkillənməsi prosesində hansısa qlobal güc mərkəzlərinin yanında yedək güc ətrafında fırlanan orbit olmaqdansa, özünə dönmək, bir Turan birliyi yaratmaqla əhəmiyyətli qlobal güc mərkəzlərinə çevrilmək olar. Politoloq vurğulayıb ki, bu güc mərkəzi də məhz dünyanın göbəyində yəni, Avrasiyada yerləşir, Anadoludan, Cənubi Qafqazdan Orta Asiyaya qədər olan sərhədləri özündə ehtiva edir ki, bu ərazilərə bu coğrafiyada hökm edənlər bütün dünyaya höküm etmiş kimidirlər:
“Bu baxımdan Laçın görüşü çox önəmli bir görüş oldu. Və nüvə ölkəsi Pakistanın da güc nöqteyi-nəzərdən bütün məsələləri tamamladığı hərbi anlamda başadüşüləndir. Yəni getdikcə güclənən, özü qırıcı təyyarələr, pilotsuz təyyarələr, tanklar, vertalyotlar, dronlar istehsal edən, raket hücumlarından müdafiə sistemləri quran Türkiyədən başlayan qalib Azərbaycandan Orta Asiya və Pakistana qədər uzanan bir coğrafiyadan söhbət gedir. Bu elə bir güc mərkəzi ola bilər ki, hər kəs bizimlə bütün məsələlərdə uzlaşmaq məcburiyyətində qalar. Laçın görüşündə verilən bəyanatın bir istiqaməti, anlamı da budur.
Doğrudur, bundan narahat olan qüvvələr də olacaq ki, biz bunu Hindistan, İran, Ermənistan mətbuatında sezdik. Ancaq dostlar həmişə sevinir, düşmənlər də qoy narahat olsunlar. Gücümüzü görsünlər və anlasınlar ki, bu gün bizə dirəniş göstərirlərsə, sabah özləri bizim ayağımıza gəlib əməkdaşlıq etmək istəyəcəklər. Necə ki, İran artıq Azərbaycanla əməkdaşlığı zirvəyə daşımaq istəyir. Doğrudur, bu məsələdə İran dövləti nə qədər səmimidir, bu, bir az sual doğurur. Ancaq hər bir halda hökumət səviyyəsində Azərbaycanla münasibətlərdə yeni bir mərhələnin açılmasını istəyən bir hökuməti sezdik. Ancaq hökumət İranda yeganə güc mərkəzi deyil. SEPAH kimi düşmən, eyni zamanda mollaların rəhbərlik elədiyi başqa bir güc mərkəzi var ki, onlar da Azərbaycana düşmənçiliyini hər vəchlə, hər addımda nümayiş etdirirlər. Buna görə də düşmənlərə gözdağı olan Laçın görüşü çox geosiyasi, həm də geostrateji mesajı özündə ehtiva edirdi. Üstəlik, Laçının Azərbaycan üçün nə qədər strateji önəm daşıması, eyni zamanda Ermənistanla sərhəddə yerləşməsi də özündə xüsusi mahiyyət daşıyır. Ən nəhayət, belə bir strateji bölgədə yeni bir beynəlxalq hava limanının açılması da xüsusi bir siyasi hadisə oldu”.